Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
Görüşdə cüdonun inkişafı müzakirə olunub
Dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev artıq ikinci dəfə Azərbaycanın bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini qeyd edib və çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı cüdonun Azərbaycanda geniş yayılan və ölkəyə ən çox medal qazandıran idman növlərindən biri olduğunu vurğulayıb. Bu baxımdan cüdoçularımızın mötəbər beynəlxalq yarışlarda əldə etdikləri nəticələr qeyd olunub.
Prezident İlham Əliyev idman sahəsində qazanılan uğurlarda Bakı ilə yanaşı, regionlarda yaradılan müasir idman infrastrukturunun da mühüm rol oynadığını bildirib.
Vizer İlham Əliyevə təşəkkür edib
Ladislau-Marius Vizer qəbul üçün və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
O, müxtəlif beynəlxalq yarışlarda Azərbaycan cüdoçularının qazandıqları medallar münasibətilə təbriklərini çatdırıb və ölkədə cüdonun inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edilib. Həmçinin Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib
Görüşün sonunda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim edib.
Vizer fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdonun inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

