Prezident: “Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”

Prezident: “Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”

Xəbər Yerində “Musavat.com”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, hazırda dünyanın müxtəlif yerlərində müharibələr gedir:

“Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq”.

“Ermənistanın arxasında onlar dayanmışdılar”

İlham Əliyev qeyd edib ki, Ermənistanın arxasında həmin dövlətlər dayanıb:

“Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik”.

Prezident vurğulayıb ki, əldə olunan Qələbə ideoloji təxribatlara qarşı da ciddi maneədir.

“Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin”, – deyə dövlət başçısı bildirib.

“Bizə heç kimin köməyi lazım deyil”

İlham Əliyev Azərbaycanın xarici dəstəyə ehtiyac duymadığını bildirib:

“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”.

Prezident qeyd edib ki, Azərbaycan əldə etdiyi silahları öz vəsaiti hesabına alıb:

“Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi”.

Dövlət başçısı bildirib ki, 2003-cü ildən etibarən Azərbaycan həm yerli müdafiə sənayesini yaradıb, həm də xaricdən silahlar alıb.

“Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, – deyə Prezident əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir