“Müharibə bitib, amma ailələr üçün bitməyib” – Bakı konfransında mühüm çıxış

“Müharibə bitib, amma ailələr üçün bitməyib” – Bakı konfransında mühüm çıxış

“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda “Sülh proseslərində itkin düşmüş şəxslərin məsələsinə baxılması: Humanitar əməkdaşlıq və etimadquruculuq tədbirləri” mövzusunda panel sessiya keçirilib.

“Müharibə bir çox ailə üçün hələ də başa çatmayıb”

Monteneqronun sabiq müdafiə naziri Milica Durişiç bildirib ki, Balkan regionunda 1990-cı illərin əvvəllərində baş vermiş müharibələrdən uzun müddət keçməsinə baxmayaraq, bir çox ailə üçün müharibə hələ də başa çatmayıb.

Onun sözlərinə görə, yaxınlarının taleyi ilə bağlı cavabsız qalan suallar ailələrin yaşadıqları ağrıdan qurtulmasına və bu məsələyə son qoyulmasına imkan vermir.

Durişiç vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsi sülh prosesindən sonraya saxlanılmamalı, birbaşa sülh prosesinin tərkib hissəsinə çevrilməlidir.

“Proses yalnız dövlət qurumları ilə məhdudlaşmamalıdır”

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Uğur Bayraktutan Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı aparılan işlərdə elmi və institusional potensialın inkişafının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, bu proses yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Burada məhkəmə orqanları, məhkəmə-tibb ekspertləri, vətəndaş cəmiyyəti, itkinlərin ailələri və digər aidiyyəti qurumlar arasında əməkdaşlıq təmin edilməlidir.

Ukraynada 113 min nəfər itkin kimi qeydiyyatdadır

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmytro Lubinets bildirib ki, ölkəsində uşaqlar, hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla, təxminən 113 min nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Lubinetsin sözlərinə görə, hazırda təxminən 1,6 milyon ukraynalı uşaq müvəqqəti işğal olunmuş ərazilərdə qalır.

O əlavə edib ki, Ukraynanın hesablamalarına əsasən, genişmiqyaslı işğalın başlanmasından etibarən ən azı 20 610 ukraynalı uşaq Rusiya tərəfindən deportasiya edilib və ya məcburi şəkildə başqa ərazilərə köçürülüb.

DNT imkanlarının əhəmiyyəti vurğulanıb

Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid Azərbaycanın itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün texniki baza yaratdığını bildirib.

O, bu istiqamətdə DNT imkanlarından geniş istifadə edildiyini və dəqiq məlumat mübadiləsinin axtarış prosesinin sürətləndirilməsi üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.

Paneldə çıxış edənlər məlumat mübadiləsinin və institusional əməkdaşlığın gücləndirilməsinin, müasir məhkəmə-tibbi və DNT imkanlarından istifadənin, eləcə də itkin şəxslərin ailələrinin prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir