Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.
Səfər zamanı “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Ramzan Kadırova ərazidə yaradılan şərait və həyata keçirilən layihə barədə məlumat verib.
“Qara şəhər”dən müasir yaşayış massivinə
Bildirilib ki, hazırda “Bakı Ağ Şəhər” kimi tanınan ərazi əvvəllər “Qara şəhər” adlandırılıb.
150 ildən artıq müddət ərzində neft sənayesinin tullantıları ilə çirklənən, vaxtilə çoxsaylı neft gölməçələrinin yerləşdiyi bu ərazidə Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə həyata keçirilib.
Layihə nəticəsində ərazidə müasir yaşayış massivi yaradılıb.
Layihənin icrasına 2011-ci ildə başlanılıb
Müasir şəhərsalma konsepsiyasının dünyadakı ən parlaq nümunələrindən biri hesab olunan “Bakı Ağ Şəhər” layihəsinin icrasına 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə başlanılıb.
Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb.
“Bakı Ağ Şəhər”də geniş daxili küçələr və yaşıllıq sahələri salınıb, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yerləşdirilib. Ərazidə şəhərsalmanın ən son yeniliklərindən istifadə olunub.












