Xalq artisti Röya Ayxan məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni bu barədə instaqram hesabında paylaşım edib.
Röya Ayxan son günlər ölkədə birlik ətrafında yaranan müzakirə və mübahisələrin onu da narahat etdiyini bildirib. O, ilk növbədə ana kimi övladının məktəbdəki nizam-intizamına və geyiminə diqqət yetirdiyini, ona başqalarından fərqlənməməyi aşılamağa çalışdığını qeyd edib.
Sənətçinin sözlərinə görə, vahid məktəbli geyimi ilə bağlı qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin ayrılmaz hissəsidir.
“Qoy övladlarımız rahat böyüsün”
Xalq artisti bildirib ki, valideynlər övladlarının gələcəyini parlaq görmək, onların savadlı və dövlətə faydalı insanlar kimi yetişməsini istəyirlər.
O, bəzi valideynlərin keçmişdə yaşadıqları çətinliklərdən və təzyiqlərdən uzaqlaşmağa çalışdıqlarını vurğulayaraq, uşaqların istəmədikləri məsələlərə məcburən cəlb olunmasını düzgün hesab etmədiyini bildirib.
Röya Ayxan valideynlərin əsas vəzifəsinin uşaqları yanlış yoldan çəkindirmək, onları təhsilə, elmə və biliyə yönəltmək olduğunu qeyd edib.
“Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik”
Müğənni paylaşımında ölkədə qəbul edilən qərarların nəticələrinin gələcəkdə daha aydın görünəcəyini də bildirib. O, sərhədlərin bağlı qalması ilə bağlı əvvəlki müzakirələri nümunə göstərərək, həmin qərarın qonşu ölkələrdəki müharibələrin Azərbaycana yayılmasının qarşısını aldığını vurğulayıb.
Sənətçi həmkarlarına da müraciət edərək onları mövqelərini ifadə etməyə və dövlətin qanunlarını dəstəkləməyə çağırıb.
“Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!” – deyə Röya Ayxan bildirib.

