Azərbaycanda məktəbli forması ilə bağlı müzakirələrin Türkiyədə bəzi şəxslər tərəfindən hicab qadağası kimi təqdim edilməsinə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, deputat İsmail Özdemir münasibət bildirib. O, yaranmış müzakirələrin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini vurğulayıb.
Xəbər Yerində Modern.az-a xəbər verir ki, İsmail Özdemir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Qarabağda azanın yenidən səslənməsini xatırladıb
MHP sədrinin müavini Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı işğaldan azad etməsinə toxunub. O, azad edilmiş ərazilərdə azan səsinin yenidən eşidilməsini xatırladaraq Prezident İlham Əliyevin liderliyini yüksək qiymətləndirib.
Özdemir Türkiyə ilə Azərbaycan arasında münasibətlərin Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıq bağlarına əsaslandığını qeyd edib.
“Son vaxtlar Azərbaycanda yaşanan hadisələrin Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıqdan da üstün bağlarımızı zəiflətməsi mümkün deyil”, – deyə deputat bildirib.
Azərbaycanın gələcəyinə inamını ifadə edib
İsmail Özdemir Azərbaycanın suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyənləşdirdiyi istiqamətdə inkişafını davam etdirəcəyinə inandığını bildirib. O, ölkəmizin XXI əsrin ən nüfuzlu dövlətlərindən biri kimi tanınacağına əminliyini ifadə edib.
Deputat paylaşımını Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağlılığı ifadə edən bu sözlərlə yekunlaşdırıb: “Aypara ilə ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizinin bağı sarsılmaz”.

