Mərkəzi Bankdan yeni qərar: Ödəniş tarifləri azaldılır

Mərkəzi Bankdan yeni qərar: Ödəniş tarifləri azaldılır

Azərbaycan Mərkəzi Bankı ödəniş sistemləri üzrə xidmət haqlarını yeniləyib. Yeni tariflər 2027-ci il aprelin 1-dən tətbiq olunacaq.

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiqlənib.

Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə 1,5 dəfə azaldılıb.

Xidmət haqları necə hesablanacaq?

Yeni tarif modelində xidmət haqlarının əməliyyatın həyata keçirildiyi vaxtdan asılı olmayaraq, köçürülən məbləğin həcminə uyğun müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə tətbiqi nəzərdə tutulur.

Mərkəzi Bank innovativ ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə Ani Ödənişlər Sistemi (AÖS) üzrə tarifləri digər ödəniş sistemləri ilə müqayisədə daha aşağı müəyyən edib.

24/7 rejimində fəaliyyət göstərən AÖS ödənişlərin real vaxtda həyata keçirilməsinə imkan verir. Bu sistem vasitəsilə istifadəçilər sadə identifikatorlardan istifadə etməklə bank hesabları arasında pul köçürmələri apara, həmçinin vəsaitləri dərhal öz hesablarına qəbul edə bilərlər. Bu imkanlar vəsaitlərin daha çevik idarə olunmasına və likvidliyin artırılmasına şərait yaradır.

Kart köçürmələri üzrə də dəyişiklik var

Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqları da yenilənib. Eyni zamanda, kartdan köçürmə əməliyyatlarının emalı üçün yeni tariflər müəyyənləşdirilib.

Yeni tarif siyasəti mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanıb. Dəyişikliklərin əsas məqsədi ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləmək və ödəniş xidməti istifadəçilərinin ödədiyi xidmət haqlarını optimallaşdırmaqdır.

Qeyd edək ki, yeni tariflər 1 aprel 2027-ci ildən qüvvəyə minəcək. Ödəniş sistemləri üzrə tariflərin tam siyahısı ilə Mərkəzi Bankın yayımladığı sənəddə tanış olmaq mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir