Generalın 1 milyon manatlıq “şabalıd cinayəti”: Kapitana hökm oxundu

Generalın 1 milyon manatlıq “şabalıd cinayəti”: Kapitana hökm oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd cinayəti” işi üzrə məhkəmə araşdırması başa çatıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxs, FHN-də çalışmış kapitan Ayaz Bayramov barəsində hökm elan olunub.

General və kapitanın şabalıd biznesi necə başladı?

İş materiallarına görə, Raul Zeynalovla Ayaz Bayramov əvvəllər yaxın münasibətdə olublar. Daha sonra onlar şabalıd ticarətinə başlayıblar. Bakının şabalıd bazarında monopoliya yaratmaq istəyən general bu məqsədlə milyonlarla manat vəsait xərcləyib.

İddialara əsasən, Raul Zeynalov bəzi vaxtlarda “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini də Ayaz Bayramovun adına keçirib ki, kapitan həmin avtomobilləri girov qoyaraq pul əldə edə bilsin.

Ayaz Bayramov əsasən generalın vəsaiti hesabına Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Təxminən iki il ərzində tərəflər bu ticarətdən gəlir əldə ediblər.

Lakin sonradan biznesdə problemlər yaranıb və tərəflər arasında mübahisə başlayıb. Raul Zeynalov məsuliyyəti Ayaz Bayramovun üzərinə qoyaraq prokurorluğa şikayət edib. İttihama görə, kapitan generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.

Sonradan FHN-də xidmət etmiş daha iki zabitin də şabalıd ticarətinə qoşulduğu və onların da aldadıldıqları iddia olunub.

Kapitan generalı sifarişli həbsdə ittiham edib

Ayaz Bayramov özünü təqsirli bilməyib. O, istintaq təcridxanasından redaksiyaya göndərdiyi məktubda və məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib.

Kapitanın sözlərinə görə, Raul Zeynalov ona pulları faizlə verib və vəsaiti faizləri ilə birlikdə geri alıb. Bayramov həmçinin məhz generalın sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmiş şəxslərin də ona qarşı ifadə verməsinə Zeynalovun istiqamət verdiyini iddia edib.

Məhkəmə prosesində zərərçəkmiş general Raul Zeynalov da iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla müşayiət olunub.

Kapitana 10 il 6 ay həbs cəzası verildi

Təxminən bir il davam edən məhkəmə araşdırması yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası ittihamların kifayət qədər dəlil, sübut və şahid ifadələri ilə təsdiqləndiyi qənaətinə gəlib. Həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilmədiyi və tərəflər arasında barışığın olmadığı bildirilib.

Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu hökm hakim Zaur Hacıyev üçün də əlamətdar olub. O, bununla Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vurub. Zaur Hacıyev artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir