Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətli törətməkdə təqsirləndirilən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Mehdi Məmmədov 18 il, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev 17 il, Əzizə Seyidova isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qətl hadisəsi necə baş verib?
Hadisə 2023-cü il martın 15-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
İttihama əsasən, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq məqsədilə onun qətlini tanışı Mehdi Məmmədova sifariş verib. Daha sonra onlar birlikdə cinayət planı hazırlayıb, Əli Seyidlinin evə gəlib-getmə vaxtını dəqiqləşdiriblər.
İstintaq materiallarına görə, hadisə günü Əzizə Seyidova Mehdi Məmmədovla əlaqə saxlayaraq ərini həmin gün öldürməyi tapşırıb. Bundan sonra Mehdi Məmmədov dostları ilə birlikdə gecə saatlarında Əli Seyidlinin yaşadığı ünvanın yaxınlığına gedərək onu gözləyib.
Əli Seyidli evinə daxil olmaq istəyərkən Mehdi Məmmədov və digərləri onun qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endiriblər. Nəticədə Əli Seyidli qətlə yetirilib.
Təqsirləndirilən şəxslər hansı maddələrlə ittiham olunublar?
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb. İttiham qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə ilə bağlı olub.
Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə ittiham ediliblər.
Təqsirləndirilənlər məhkəmədə nə deyiblər?
Əvvəlki məhkəmə iclaslarında Əzizə Seyidova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. Digər üç təqsirləndirilən şəxs isə özlərini qismən təqsirli biliblər.
Məhkəmə istintaqı zamanı onlar ibtidai istintaqa verdikləri ifadələri dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidli ilə şəxsi münasibətləri zəminində törədildiyini bildiriblər.

