İrana həftəsonu zərbə endirilə bilər – Tehranın cavabı nə olacaq?

İrana həftəsonu zərbə endirilə bilər – Tehranın cavabı nə olacaq?

ABŞ ilə İran arasında gərginlik yenidən artıb. ABŞ-nin Ankaradakı səfiri Tom Barrak İrana həftəsonu yeni hücumun mümkün olduğunu bildirib. Prezident Donald Tramp isə belə bir hazırlıqdan xəbərinin olmadığını deyib. Bu arada, Tehran rəhbərliyinin mümkün hücuma cavab olaraq Körfəz ölkələrinin sualtı internet kabellərini hədəfə almağı nəzərdən keçirdiyi iddia olunur.

Xəbər Yerində “Reuters”ə və Türkiyə mətbuatında yayılan məlumatlara istinadən xəbər verir ki, Vaşinqtondan gələn ziddiyyətli açıqlamalar bölgədə yeni hərbi əməliyyat ehtimalını gündəmə gətirib.

ABŞ səfirindən həftəsonu hücumu ilə bağlı açıqlama

ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak podkast aparıcısı Mario Navfala müsahibəsində İrana həftəsonu hücum ehtimalı barədə danışıb.

ABŞ-nin yeni zərbə endirib-endirməyəcəyi ilə bağlı suala cavab verən Barrak belə deyib:

“Bu həftəsonu hücum ola bilərmi? Əlbəttə. Prezident bu məsələdə çox aydındır. Mən sizə Amerikanın siyasətini çatdırıram”.

Barrak ABŞ prezidentinin İranla razılaşma əldə etməyə hazır olduğunu da bildirib. Onun sözlərinə görə, tərəflər aylardır danışıqlar aparırlar. Diplomat mümkün əməliyyatın İranda hakimiyyət dəyişikliyini hədəfləməyəcəyini də iddia edib.

Tramp: Belə bir şey varsa, xəbərim yoxdur

Barrakın açıqlamaları ABŞ Prezidenti Donald Trampa da ünvanlanıb. Tramp səfir haqqında danışarkən onu güclü şəxs adlandırıb, ardınca isə belə deyib:

“Əgər belə bir vəziyyət varsa, mənim bundan xəbərim yoxdur”.

Tramp daha əvvəl İranla müharibəni qısa müddətdə başa çatdırmağın mümkün olduğunu bildirmişdi. O, münaqişəni tamamilə dayandırmaq, yoxsa onun tədricən səngiməsinə imkan vermək arasında seçim barədə danışmışdı.

İranın mümkün cavab planı gündəmə gəldi

ABŞ-dən gələn açıqlamalar fonunda İranın mümkün hücuma cavab olaraq hazırladığı iddia edilən plan da diqqət çəkib.

“Reuters” agentliyinə danışan iki iranlı rəsminin sözlərinə görə, Tehran ABŞ və ya İsrailin yeni hücumu baş verəcəyi təqdirdə Körfəz bölgəsindəki sualtı internet kabellərini hədəfə almaq variantını nəzərdən keçirir.

Körfəz ölkələrində internet və bank xidmətləri risk altına düşə bilər

Adlarının açıqlanmasını istəməyən mənbələr İranın təkcə sualtı kabellərə zərər vurmağı deyil, hücumdan sonra aparılacaq təmir işlərinə mane olmağı da düşündüyünü iddia ediblər.

İddialara görə, belə bir addım Körfəz ölkələrində internet bağlantısının pozulmasına, xüsusilə bankçılıq, rabitə və informasiya texnologiyaları xidmətlərində ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Hələlik İranın bu planı həyata keçirib-keçirməyəcəyi məlum deyil. Tehran rəhbərliyinin məsələ ilə bağlı rəsmi təsdiqi barədə də məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir