Salyan rayonunda bədbəxt hadisə baş verib. İstixanada işləyən 56 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Xəbər Yerində Real Tv-yə xəbər verir ki, hadisə rayonun Çadırlı kəndində yerləşən istixanalardan birində qeydə alınıb.
Belə ki, elektrik naqilləri çəkən Vaqif Məmmədovu cərəyan vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Çörək pulu qazanmaq üçün işləyirdi
Mərhumun yaxınlarının sözlərinə görə, Vaqif Məmmədov Düzənlik kəndinin sakini olub. O, günəmuzd işləmək üçün Çadırlı kəndinə gedirmiş.
Yaxınlarından biri bildirib ki, Vaqif Məmmədov istixanada işləyərkən elektrik naqilinə toxunub. O, naqildəki elektrik cərəyanının söndürüldüyünü düşünsə də, bu, belə olmayıb və nəticədə onu cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Mərhumun meyiti müayinə olunması üçün Salyan Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə aparılıb. Daha sonra cənazəsi ailəsinə təhvil verilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticələrinə əsasən məlum olacaq.

