“Bolt”la çağırılan ayıq sürücü qəza törətdi, zərəri kim ödəməlidir? – VİDEO

“Bolt”la çağırılan ayıq sürücü qəza törətdi, zərəri kim ödəməlidir? – VİDEO

İçkili olduğu üçün sükan arxasına keçməyən və ayıq sürücü xidmətindən istifadə edən şəxsin avtomobilinə ziyan dəyib. Sürücünün idarəetməsi zamanı baş verən hadisədən sonra avtomobil sahibinin zərərinin kim tərəfindən qarşılanacağı mübahisə yaradıb.

Xəbər Yerində xəbər verir ki, bu barədə ATV süjet hazırlayıb.

Məkan Muxtarovun sözlərinə görə, hadisə oktyabrın 23-də Masazır ərazisində baş verib. O, restorandan çıxarkən “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü sifariş edib. Sürücü təxminən 15-20 dəqiqə sonra gəlib və avtomobili idarə edərkən qarşıdakı maneəyə çırpılıb.

Avtomobilə ziyan dəydiyini bildirən vətəndaş sürücüdən zərəri kimin ödəyəcəyini soruşub. Sürücü isə şirkətlə əlaqə saxlamağı məsləhət görüb.

Zərərçəkənin sözlərinə görə, avtomobilinə təxminən 400 manatlıq ziyan dəyib. O, məsələ ilə bağlı şirkətə müraciət etsə də, ona dəymiş zərərə görə sürücünün məsuliyyət daşıdığı bildirilib. Vətəndaş sürücü ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməyib.

Məkan Muxtarov qeyd edib ki, xidməti tətbiq vasitəsilə sifariş etdiyi üçün sürücünün tapılmasına da şirkətin kömək etməsini gözləyir. O, sürücünü tapa bilmədiyi halda zərəri öz hesabına ödəməli olub-olmayacağını sual edib.

Hüquqşünas Emil Aslanov bildirib ki, belə hallarda ilk növbədə sürücü ilə şirkət arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır. Çünki dəymiş zərərin hansı qaydada qarşılanacağı müqavilədə nəzərdə tutulan şərtlərdən asılı ola bilər.

Hüquqşünasın sözlərinə görə, bəzi hallarda zərər şirkətin sığortası hesabına qarşılana bilər. Digər hallarda isə sürücünün təqsiri üzündən baş vermiş qəza ilə bağlı məsuliyyət birbaşa sürücünün üzərinə düşə bilər. Avtomobil sahibi ona zərər vuran sürücünü məhkəməyə verərək dəymiş zərərin kompensasiyasını tələb edə bilər.

Məsələ ilə bağlı BOLT şirkətinə də müraciət edilib. Şirkətdən gün ərzində açıqlama veriləcəyi bildirilsə də, günün sonunadək açıqlama təqdim olunmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir