Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” karate turniri keçirilib.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanıb. Bu Zəfərin dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordunun qəhrəmanlığının, xalqın birlik və həmrəyliyinin nəticəsi olduğu qeyd edilib.
Azərbaycan Karate Federasiyası adından tarixi Qələbənin əldə olunmasında xidmətləri olan Prezident İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərə minnətdarlıq ifadə olunub. Şəhidlərə rəhmət dilənib, qazilərin şücaəti və fədakarlığı ehtiramla yad edilib.
Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.
300-ə yaxın karateçi mübarizə aparıb
Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi qüvvəsini sınayıb.
Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, eləcə də ölkədə karatenin inkişafını və kütləviliyini təşviq etmək olub.
Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər də təltif olunublar.
Gərgin idman mübarizəsi şəraitində başa çatan turnirin qalib və mükafatçılarına Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, “Kyokuşin (kay) SENŞİ karate” üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

