Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə olunur.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və həmin fikirlərin Prezidentin rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.
Şura bir daha vurğulayıb ki, Prezidentin çıxışları, bəyanatları və fəaliyyəti ilə bağlı məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır.
Bildirilib ki, bu mövzuda məlumatlar hazırlanarkən və yayılarkən məhz həmin mənbələrə istinad edilməlidir. Digər resurslarda yayılan ifadə və fikirlər isə rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.
Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyini yoxlamağa, paylaşım etməzdən əvvəl onları rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırıb.

