Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.
Xəbər Yerində Baş Prokurorluğa istinadən xəbər verir ki, hadisə ilə bağlı Şəki rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb. Həmçinin məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub. Aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular göndərilib, zəruri prosessual hərəkətlər həyata keçirilib.
Qüllənin tikintisi lisenziyası olmayan şəxsə həvalə edilib
Aparılan istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyi müəyyən edilib. Nəticədə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr yaranıb.
İstintaq tədbirləri zamanı müəyyən olunub ki, Ramiz Hüseynov “Zipline” kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edib. Qüllə onun rəhbərliyi və birbaşa göstərişləri ilə qanunsuz inşa edilib.
Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb.
Bundan başqa, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi zamanı həmin qurğunun parça hissəsi cırılıb.
Nəticədə kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
İki nəfər barəsində həbs qərarı verilib
Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrinə tövsif edilib.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara müvafiq ittihamlar elan edilib.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

