Leyla Əliyeva Bakıda sənədli filmin premyerasında iştirak edib – FOTO

Leyla Əliyeva Bakıda sənədli filmin premyerasında iştirak edib – FOTO

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR və “AnewZ” televiziya kanalının birgə istehsalı olan “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb, daha sonra xatirə şəkilləri çəkdirilib.

Filmin ideyası 103 tarixi açıqcadan yaranıb

Premyerada çıxış edən “AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev ekran əsərinin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan qaynaqlandığını bildirib.

Onun sözlərinə görə, film təxminən bir əsr əvvəl Bakıda yaşanan neft bumundan, şəhərin dünyanın müxtəlif ölkələrindən insanları cəlb etməsindən və neft sənayesinin inkişafı ilə baş verən köklü dəyişikliklərdən bəhs edir.

Rüfət Həmzəyev Prezident İlham Əliyevin 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan etdiyini xatırladaraq bildirib ki, filmdə 103 tarixi açıqca və doqquz insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına və mədəniyyətinə təsiri, eləcə də şəhərin tarixində iz qoymuş insanların taleləri əks olunur.

Daha sonra sənədli film nümayiş etdirilib.

Filmin çəkilişləri altı ay davam edib

Ekran əsərinin əsas süjet xəttini bir əsr əvvəl sürətlə dəyişən Bakı, neft buruqları, şəhərin küçələri, limanı və burada yaşayan insanların şəxsi taleləri təşkil edir.

Təxminən altı ay davam edən çəkilişlər zamanı tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, həmin dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt texnologiyalarından istifadə edilməklə həyata keçirilib.

Filmdə Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir