“Azərsu” ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynovun vəzifədə olduğu dövrdə milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi faktı üzə çıxıb.
Qafqazinfo xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə yol verilmiş qanun pozuntularını araşdırıb.
Məlumata görə, mənimsəmə faktı ilə bağlı artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib. Qorxmaz Hüseynov və digər şəxslərlə bağlı cinayət işi isə ayrıca icraata ayrılıb.
Müqavilələri kimlər imzalayıb?
Araşdırma zamanı məlum olub ki, həmin dövrdə müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov tərəfindən imzalanıb. Hazırda onların barəsində cinayət təqibi davam etdirilir.
Qeyd olunur ki, belə hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün imkan yaradır. Zərər ödənilmədiyi təqdirdə isə şəxs cinayət məsuliyyətinə cəlb olunur və iş məhkəməyə göndərilir.
Xatırladaq ki, Qorxmaz Hüseynov 2011-2021-ci illərdə “Azərsu” ASC-nin sədri vəzifəsində çalışıb.
Sabiq departament rəhbəri 3 milyon manatlıq zərərdə ittiham olunur
Bir müddət əvvəl həmin araşdırma çərçivəsində “Azərsu”nun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Səday Əliyev ayrılmış cinayət işi üzrə adı çəkilən şəxslərlə əlbir olaraq dövlətə 3 milyon manat ziyan vurmaqda ittiham olunur. Həmin işdə İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov şahid qismində dindiriliblər. Onların məhkəmədə də şahid qismində ifadə vermələri mümkündür.
Məhkəmənin hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini bildirib. O, iki dəfə məhkəmə qərarı ilə işinə bərpa olunduğunu, sonuncu məhkəmə qərarının isə 16 aydır icra edilmədiyini deyib. Sabiq vəzifəli şəxs hazırkı ittihamın məhz bununla əlaqədar irəli sürüldüyünü iddia edib.

