Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə və saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkətinin rəhbəri Samir Yəhyazadə yenidən həbs olunub.
Belə ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə ev dustaqlığına buraxılıb. Lakin prokurorluq həmin qərardan apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun protestini təmin edib. Nəticədə Samir Yəhyazadə məhkəmə zalında həbs olunub.
Ağır maddələrlə ittiham edilir
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham elan edilib:
- 178.2.1 – Dələduzluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi;
- 178.2.2 – Dələduzluğun təkrar törədilməsi;
- 178.2.3 – Dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi;
- 178.2.4 – Dələduzluq nəticəsində xeyli miqdarda ziyan vurulması;
- 318-1.1 – Şəxslərin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, ölkədə qanunsuz qalmasını, tranzit keçidini və ya ölkədən qanunsuz getməsini təşkil etmə;
- 320.1 – Rəsmi sənədlərin və digər hüquq verən sənədlərin saxtalaşdırılması və ya qanunsuz hazırlanması.
Cinayət işi Baş Prokurorluq tərəfindən araşdırılır.
Həyat yoldaşı da saxlanılmışdı
Xatırladaq ki, Samir Yəhyazadənin həyat yoldaşı, “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqustunda saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

