Haluk Levent gözaltına alındı
İstanbul Respublika Prokurorluğunun koordinasiyası və İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat çərçivəsində “cinayətkar birlik yaratma”, “xüsusilə külli miqdarda dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə araşdırma aparılıb.
İstintaq zamanı Ahbap Dərnəyinin əməkdaşları ilə bağlı MASAK hesabatları, bank hesabları üzrə maliyyə əməliyyatları, eləcə də texniki və fiziki müşahidə materialları təhlil edilib.
Araşdırma nəticəsində şübhəlilərin rəsmi gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul dövriyyəsinə malik olduqları, öz aralarında iri məbləğdə pul köçürmələri həyata keçirdikləri, mərc və şans oyunları hesablarına böyük vəsaitlər yatıraraq yüksək məbləğlər itirdikləri müəyyən edilib. Bundan əlavə, onların qısa müddət ərzində ardıcıl şəkildə çoxsaylı daşınmaz əmlak alqı-satqısı həyata keçirdikləri də istintaq materiallarında əksini tapıb.
Əməliyyat nəticəsində Ahbap Dərnəyinin üzvləri və əməkdaşları ilə əlaqəli olduğu bildirilən 17 nəfər saxlanılıb. Onların yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal daşıyıcılar, nağd pul, qızıl-zinət əşyaları, çeklər, veksellər və müxtəlif sənədlər götürülüb.
İstintaq çərçivəsində Ahbap Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də “Dərnəklər haqqında Qanunun tələblərini pozma”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” və “cinayətkar təşkilata üzv olma” ittihamları ilə saxlanılıb.
Mənbə: TRThaber

