Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Xidmət tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı ciddi nöqsanlar aşkarlanıb.
Müəyyən edilib ki, obyektdə yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb, mövcud sistem isə nasaz vəziyyətdədir. Elektrik təsərrüfatı normativ tələblərə uyğun quraşdırılmayıb, ona profilaktik baxış keçirilməyib və bununla bağlı müvafiq akt tərtib edilməyib.
Yoxlama zamanı həmçinin malların saxlanılması zamanı yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi, obyektin kifayət qədər odsöndürən balonlarla təmin olunmadığı, taxta konstruksiyaların odadavamlı məhlulla işlənmədiyi müəyyən edilib. Bundan başqa, köçürmə yollarının müxtəlif materiallarla tutulduğu, yanğın zamanı insanların təxliyəsi üçün planın hazırlanmadığı, işçilərin yanğın təhlükəsizliyi qaydaları üzrə təlimatlandırılmadığı və müvafiq jurnalın aparılmadığı üzə çıxıb.
Bununla yanaşı, obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsinin təqdim edilmədiyi, həmçinin istehsalat fəaliyyətinin yaşayış binasının zirzəmi mərtəbəsində təşkil olunduğu və bunun da yanğın əleyhinə norma və tələblərə zidd olduğu müəyyənləşdirilib.
FHN-in qiymətləndirməsinə əsasən, aşkar edilmiş pozuntular obyektin istismarının davam etdirilməsi halında hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənməsi və ağır nəticələrə səbəb olması riskini yaradır.
Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulması nəzərə alınaraq, sözügedən istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.







