Tramp ABŞ seçki sisteminin xarici müdaxilələrə açıq olduğunu iddia edib
ABŞ Prezidenti Donald Tramp ölkənin seçki sisteminin kiberhücumlar, manipulyasiya və xarici müdaxilə qarşısında ciddi risklərlə üzləşdiyini bildirib.
Ağ Evdən xalqa müraciət edən Tramp seçki sistemindəki problemlərlə bağlı mühüm kəşfiyyat məlumatlarının açıqlanacağını bəyan edib.
“Bu gecə seçki sistemimizdəki ciddi boşluqları üzə çıxaran mühüm kəşfiyyat məlumatlarının dərhal ictimaiyyətə təqdim ediləcəyini elan edirəm”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, həmin sənədlər ABŞ seçki sisteminin kiberhücumlara, sui-istifadə hallarına və xarici müdaxilələrə qarşı indiyədək görünməmiş dərəcədə həssas olduğunu göstərir.
Tramp iddia edib ki, bu məlumatlar uzun illər ictimaiyyətdən gizlədilib. O, məsələ ilə bağlı keçmiş prezidentlər Co Bayden və Barak Obamanı da tənqid edib.
ABŞ Prezidenti Çinin 2020-ci ildən etibarən 220 milyondan çox amerikalı seçicinin şəxsi məlumatlarını əldə etdiyini irəli sürüb və bunu ölkə tarixində ən böyük seçki məlumatı sızmalarından biri adlandırıb.
Tramp həmçinin bəzi kəşfiyyat qurumlarının Çinin ABŞ seçkilərinə mümkün müdaxiləsi ilə bağlı məlumatları gizlətməyə çalışdığını iddia edib.
Onun sözlərinə görə, Federal Təhqiqat Bürosunun (FTB) topladığı ilkin məlumatlar Çin hökumətinin ABŞ seçkilərinə təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyini göstərir.
Tramp bildirib ki, Çinlə yanaşı, Rusiya, İran, Şimali Koreya və digər xarici aktorlar da ABŞ-nin seçki infrastrukturuna müdaxilə imkanına malikdir.
ABŞ Prezidenti əlavə edib ki, Daxili Təhlükəsizlik Departamentinin araşdırması zamanı ölkədə səsvermə üçün qeydiyyatdan keçmiş təxminən 278 min xarici vətəndaş müəyyən edilib.
“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz olduqca kövrək və həssas vəziyyətdədir. Yüz milyonlarla seçicinin məlumatları xarici hökumətlərin əlinə keçib, səsvermə və səslərin hesablanması prosesləri isə kiberhücum və manipulyasiya riskləri ilə üz-üzədir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti ölkədə daha etibarlı və şəffaf seçki sisteminin qurulması üçün həm demokratların, həm də respublikaçıların əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
Tramp noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Konqresi “Amerikanı Xilas Et” adlı qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıb.
Layihə seçicilərin səsvermə zamanı şəxsiyyətinin məcburi təsdiqlənməsini və poçt vasitəsilə səsverməyə müəyyən məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Mənbə: Qafqazinfo

