Bakıda iki azyaşlı zorakılıqdan qaçaraq sığınacağa yerləşdirildi

Bakıda iki azyaşlı zorakılıqdan qaçaraq sığınacağa yerləşdirildi

Bakıda azyaşlı bacı və qardaşın ailədaxili zorakılıq səbəbindən yaşadıqları evi tərk etdiyi bildirilir.

Məlumata görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə əsasən, uşaqlar uzun müddət anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıblar. Bildirilib ki, qadın spirtli içki qəbul etdikdən sonra tez-tez onlara qarşı şiddət tətbiq edirmiş.

Qeyd olunub ki, bacı və qardaş əvvəlcədən plan quraraq münasib fürsəti gözləyiblər və nəhayət evdən çıxmağa nail olublar. Onlar uzun müddət çimə bilmədikləri üçün əvvəlcə dəniz sahilinə gedərək çimiblər, daha sonra gecəni də həmin ərazidə keçiriblər.

Səhər saatlarında böyük qardaş taksi sürücüsündən onları şəhərə aparmağı xahiş edib. Azyaşlıların tək olması sürücüdə şübhə yaradıb və o, uşaqları polis şöbəsinə aparıb.

Polis əməkdaşları uşaqların bədənində çoxsaylı xəsarət və yanıq izləri aşkar etdikdən sonra aidiyyəti dövlət qurumlarına məlumat verilib. Görülən tədbirlər nəticəsində azyaşlılar təhlükəsiz mühit təmin olunması məqsədilə sığınacağa yerləşdiriliblər.

Mehriban Zeynalova əlavə edib ki, uşaqlar məhkəmə-tibbi ekspertizasından keçirilib. Onun sözlərinə görə, ana rəsmi qaydada hər iki övladından imtina edib. O vurğulayıb ki, uşaqların bundan sonrakı həyatlarının təhlükəsiz və qayğıkeş mühitdə davam edəcəyinə ümid edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, faktla bağlı ərazi polis orqanında araşdırma davam etdirilir. Anadan izahat alınıb, uşaqların aldıqları xəsarətlərin xarakterinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən də bildirilib ki, məlumat daxil olan kimi əməkdaşlar prosesə qoşulublar. Hazırda uşaqların vəziyyəti qiymətləndirilir və müvafiq müayinələr başa çatdıqdan sonra onların mənafeyi nəzərə alınmaqla qanunvericiliyə uyğun sosial müdafiə tədbirləri həyata keçiriləcək.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir