Hava 43 dərəcəyə çatır: Yunanıstanda fövqəladə məhdudiyyətlər

Hava 43 dərəcəyə çatır: Yunanıstanda fövqəladə məhdudiyyətlər

Yunanıstanda təsirini davam etdirən güclü isti hava dalğası səbəbindən açıq havada görülən bəzi işlər müvəqqəti dayandırılıb.

Xarici KİV-in məlumatına görə, Yunanıstanın Əmək və Sosial Təminat Nazirliyi yüksək temperaturla əlaqədar yeni məhdudiyyətlər tətbiq edib.

Qərara əsasən, paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsi başda olmaqla ölkənin bir sıra ərazilərində saat 13:00-dan 17:00-dək tikinti, gəmiqayırma və kuryer xidməti kimi açıq havada həyata keçirilən işlərə fasilə veriləcək.

Nazirlik bildirib ki, bu addım işçilərin həddindən artıq isti havanın mənfi təsirlərindən qorunması məqsədi daşıyır. Eyni zamanda, sağlamlıq riski olan əməkdaşlara, hamilə qadınlara və yaşlı işçilərə məsafədən işləmək imkanı yaradılıb.

Meteoroloqların proqnozuna əsasən, yaxın günlərdə ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni ötəcək. Fessaliya bölgəsində isə termometrlərin 43 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bundan əlavə, bəzi ərazilərdə isti hava ilə yanaşı, səhradan gələn toz kütlələrinin də hava şəraitinə təsir göstərəcəyi bildirilir.

Mənbə: Azxəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir