İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin neft ixracı və regional təhlükəsizliklə bağlı sərt bəyanatla çıxış edib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, əgər İran öz neftini ixrac edə bilməsə, regionda heç bir ölkə də neft sata bilməyəcək.
“Əgər biz neftimizi sata bilmiriksə, regionda heç kim neft sata bilməyəcək. Təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Hörmüz boğazında təhlükəsizlik yalnız ABŞ qüvvələri bölgədə olmadığı halda mümkündür”, – deyə Qalibaf qeyd edib.
İran parlamentinin sədri hazırkı vəziyyətin artıq “ya hamı, ya da heç kim” prinsipi ilə xarakterizə olunduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik iyulun 8-də yenidən alovlanıb. Vaşinqton və Tehran arasında memorandum imzalanmasından sonra ABŞ ordusu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisində bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını bəyan edib.
Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Mənbə: Apa

