Almaniyanın paytaxtı Berlində keçirilən Christopher Street Day (CSD) LGBT Qürur Festivalı zamanı ağır hadisə baş verib. Mikroavtobusun izdihamın üzərinə sürülməsi nəticəsində azı 1 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 25-i axşam saatlarında Tiergarten parkının cənub hissəsində, Potsdamer Platz və Brandenburq qapısı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, ağ rəngli kiçik mikroavtobus yüksək sürətlə insanların olduğu əraziyə daxil olaraq bir neçə nəfəri vurub, daha sonra ağaca çırpılıb.
Sürücü qəzanın ardından avtomobildən düşərək hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.
Berlin polisi bildirib ki, hadisə nəticəsində ən azı 1 nəfər həyatını itirib, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir. Zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.
İnsidentdən sonra polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Tiergarten, Siegessäule və Brandenburq qapısı ətrafındakı yollar bağlanıb, polis helikopterləri isə havadan axtarış aparıb.
Baş vermiş hadisədən sonra festival vaxtından əvvəl dayandırılıb və yüz minlərlə iştirakçı təhlükəsizlik məqsədilə ərazidən təxliyə edilib.
Hazırda hadisənin qəsdən törədilmiş hücum, ekstremist motivli əməl, yoxsa yol-nəqliyyat hadisəsi olduğu hələ dəqiqləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.





