Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin ilk altı ayında manatın məzənnəsinin sabit saxlanılması məqsədilə valyuta bazarına 1,5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib.
Xeberyerinde.com APA-ya istinadən xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, məqsəd Azərbaycan manatının həddindən artıq möhkəmlənməsinin qarşısını almaq və məzənnəni 1 ABŞ dolları üçün 1,70 manat səviyyəsində saxlamaq olub.
Taleh Kazımov bildirib ki, son 18 ay ərzində valyuta bazarında təklif tələbi üstələyib. O qeyd edib ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları təşkil edib.
AMB sədri vurğulayıb ki, ölkədə dollarlaşma səviyyəsi də azalmaqdadır. Belə ki, 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 faizi xarici valyutada olduğu halda, hazırda bu göstərici 25 faizə enib. Eyni zamanda, son dörd ildə manatla yerləşdirilən əmanətlərin həcmi 6,3 milyard manat artaraq 12,5 milyard manata çatıb.
Taleh Kazımov vətəndaşlara müraciət edərək bildirib ki, “manatın məzənnəsi dəyişəcək” kimi iddiaların hazırda heç bir fundamental əsası yoxdur. O qeyd edib ki, Mərkəzi Bankın əsas məqsədi qiymət və makroiqtisadi sabitliyi qorumaqdır və hazırkı sabit məzənnə siyasətinin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

