Moskvada terror aktı: partlayışı törədən qadın da daxil olmaqla 3 nəfər öldü

Moskvada terror aktı: partlayışı törədən qadın da daxil olmaqla 3 nəfər öldü

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən Kudrinskaya meydanında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xeberyerinde xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsinin (NAK) məlumatına görə, hadisə restoranda əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Bildirilib ki, restoranın mühafizəçisi partlayıcı qurğunu içəri keçirməyə cəhd edən naməlum qadının qarşısını alıb. Nəticədə baş verən partlayış zamanı mühafizəçi, partlayıcı qurğunu gətirdiyi ehtimal olunan qadın və restoranın ziyarətçilərindən biri həyatını itirib. Hadisə zamanı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, partlayış Kudrinskaya meydanındakı “Balzi Rossi” italyan restoranının yaxınlığında, yay kafesi hissəsində baş verib. Bəzi mənbələr həmin vaxt restoranda toy da daxil olmaqla özəl tədbirin keçirildiyini bildirir.

Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir. Rusiya Milli Antiterror Komitəsi partlayışın bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirlərinin davam etdirildiyini açıqlayıb.

Hadisədən sonra təhlükəsizlik məqsədilə Moskva şəhər rəhbərliyi həmin gün keçirilməsi planlaşdırılan gecə velosiped festivalını ləğv edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir