Quş qripi yenidən yayılır: Kütləvi quş ölümləri qeydə alındı

Quş qripi yenidən yayılır: Kütləvi quş ölümləri qeydə alındı

Avstraliyada H5N1 quş qripinin yayılması ilə bağlı narahatlıq artır. Ölkədə virusun səbəb olduğu ilk kütləvi vəhşi quş ölümü hadisəsi qeydə alınıb.

Məlumata görə, Adelaida şəhərinin cənubunda yerləşən Keyp Caffa sahillərində aparılan müşahidələr zamanı 49 ölü və 35 xəstə böyük təpəli dəniz quşunda (Greater Crested Tern) H5N1 virusu təsdiqlənib.

Avstraliyanın kənd təsərrüfatı naziri Culi Kollinz bildirib ki, yaxın günlərdə virusun vəhşi təbiətdə daha geniş yayılması və daha çox quşun tələf olması gözlənilir.

Onun sözlərinə görə, hazırda H5N1 virusunun ölkənin quşçuluq təsərrüfatlarına yayıldığına dair hər hansı təsdiqlənmiş fakt yoxdur. Bununla belə, iyun ayında virusun aşkarlanmasından sonra quşçuluq təsərrüfatlarında biotəhlükəsizlik tədbirləri gücləndirilib.

Ətraf mühit naziri Mürrey Vatt isə vəhşi quşların miqrasiyasının qarşısını almağın mümkün olmadığını vurğulayaraq, buna görə də oxşar kütləvi quş ölümlərinin gələcəkdə də baş verə biləcəyini deyib.

Mütəxəssislər qeyd edirlər ki, H5N1 virusu son illərdə dünyanın müxtəlif ölkələrində yüz milyonlarla quş və məməlinin ölümünə səbəb olub. Virus quşçuluq təsərrüfatlarına milyardlarla dollar ziyan vurub, ABŞ-də iribuynuzlu heyvanlarda da aşkarlanıb. Yeni Zelandiya isə H5N1 virusuna ilk yoluxma halını ötən ay qeydə alıb.

Qeyd edək ki, Azərbaycanda H5N1 quş qripi ilk dəfə 2006-cı ildə aşkarlanıb. Həmin il virus əvvəlcə vəhşi quşlarda, daha sonra ev quşlarında qeydə alınıb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə yüz minlərlə quş məhv edilib. Eyni zamanda, ölkədə insanlarda da yoluxma halları təsdiqlənmiş, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 8 nəfər virusa yoluxmuş, onlardan 5-i həyatını itirmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir