Yunanıstanda iyul ayında başlayan və geniş əraziləri əhatə edən dağıdıcı meşə yanğınlarının yayılması əsasən nəzarət altına alınıb.
Yunanıstanda iyul ayında başlayan və geniş əraziləri əhatə edən dağıdıcı meşə yanğınlarının yayılması əsasən nəzarət altına alınıb.
Məlumata görə, yanğınsöndürənlər Afina şəhərinin qərbində baş verən və təxminən 10 min hektar ərazini külə çevirən yanğını böyük ölçüdə lokallaşdırmağa nail olublar. Paytaxt ətrafında təhlükəsizlik məqsədilə 1000 nəfər təxliyə edilib. Beotiya bölgəsində isə artıq aktiv yanğın ocaqlarının qalmadığı bildirilir.
Təbii fəlakətlə mübarizəyə 500-ə yaxın yanğınsöndürən, həmçinin 20-dən çox təyyarə və helikopter cəlb olunub. Hava vasitələri alovun yayıldığı ərazilərə fasiləsiz su tökərək yanğının qarşısını almağa çalışıb.
Xatırladaq ki, daha əvvəl yanğınların söndürülməsi zamanı Attika bölgəsi üzərində iki helikopter toqquşmuş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdı. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən təkcə Krit adasında 7 mindən çox sakin və turist təxliyə edilmişdi.
Son həftələr Türkiyə, ABŞ-ın Vaşinqton ştatı, Fransa, İspaniya, Portuqaliya və digər Avropa ölkələrində də meşə yanğınları geniş əraziləri əhatə edib. Bəzi bölgələrdə minlərlə insan təxliyə olunub, yüzlərlə yaşayış evi və digər tikili yanaraq yararsız vəziyyətə düşüb. İqlim dəyişiklikləri, uzunmüddətli quraqlıq, yüksək temperatur və güclü külək yanğınların sürətlə yayılmasına səbəb olan əsas amillər kimi göstərilir.
Azərbaycanda isə hazırda iri meşə yanğınları qeydə alınmasa da, isti və quru hava şəraiti səbəbindən yanğın riski yüksək olaraq qalır. Fövqəladə Hallar Nazirliyi iyulun sonunda havanın kəskin isti keçəcəyi ilə əlaqədar vətəndaşlara müraciət edərək meşə və açıq ərazilərdə odla ehtiyatlı davranmağa, quru ot və məişət tullantılarını yandırmamağa, siqaret kötüklərini ətrafa atmamağa çağırıb. Nazirlik bildirib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq belə genişmiqyaslı yanğınlara səbəb ola bilər.
Hazırda Yunanıstanda yanğınsöndürmə və monitorinq işləri davam etdirilir.

