Estetik əməliyyatdan sonra ölən qadının ailəsindən cərraha ağır ittihamlar

Estetik əməliyyatdan sonra ölən qadının ailəsindən cərraha ağır ittihamlar

35 yaşlı Nərmin Zeynalovanın estetik əməliyyatdan bir neçə gün sonra vəfat etməsi ilə bağlı yeni iddialar səsləndirilib. Mərhumun ailəsi əməliyyatı həyata keçirən estetik cərrah Nicat Həsənovun səhlənkarlığa yol verdiyini iddia edir. Həkimlə bağlı cinayət işi başlanmasa da, ailə qərarla razılaşmır.

Mərhumun bacısı Günay Əsgərovanın sözlərinə görə, Nərmin Zeynalova fevralın 17-də “National Prime Hospital”da abdominoplastika (qarıngərmə) əməliyyatı etdirib. Onun iddiasına əsasən, ailəyə yalnız bu əməliyyat barədə məlumat verilsə də, sonradan qadının eyni zamanda liposaksiya və lipofilinq prosedurlarından da keçirildiyi məlum olub.

Əməliyyatdan sonra vəziyyəti ağırlaşıb

Şikayətçi bildirir ki, əməliyyatdan sonra bacısının vəziyyəti getdikcə ağırlaşıb. Onun sözlərinə görə, həkim xəstəyə yalnız antibiotik və ağrıkəsici təyin edib, vəziyyətinin pisləşməsinə baxmayaraq əlavə müalicə aparılmayıb. Ailə həmçinin iddia edir ki, əməliyyat zamanı xəstəyə qan köçürülsə də, bu barədə onlara əvvəlcədən məlumat verilməyib.

Nərmin Zeynalova əməliyyatdan üç gün sonra evə buraxılıb, fevralın 24-də yenidən müayinəyə gedib, ertəsi gün isə yaşadığı ünvanda vəfat edib.

Ekspertiza ölüm səbəbini açıqlayıb

Ailənin sözlərinə görə, məhkəmə-tibbi ekspertizanın rəyində ölümün tromboemboliya nəticəsində baş verdiyi göstərilib. Şikayətçilər həkimin ölüm hadisəsindən sonra məsuliyyəti qəbul etmədiyini və ailə ilə kobud davrandığını da iddia edirlər.

Məsələ ilə bağlı estetik cərrah Nicat Həsənovun mövqeyini öyrənmək mümkün olmayıb. Zəng və mesajlara cavab verilməyib.

Cinayət işi başlanmayıb

Nərimanov Rayon Prokurorluğunun qərarında isə qeyd olunur ki, aparılan araşdırma zamanı həkim və digər tibb işçiləri tərəfindən göstərilən tibbi xidmətin mövcud qayda və təlimatlara zidd olduğu müəyyən edilməyib. Bu səbəbdən fakt üzrə cinayət işinin başlanması rədd edilib.

Analitik Ekspertiza Mərkəzi isə bildirib ki, göstərilən tibbi xidmətlə bağlı araşdırma aparılması üçün vətəndaşın rəsmi müraciəti tələb olunur. Qurumun məlumatına görə, ölüm faktı ilə bağlı hüquqi araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir və zərurət yaranacağı halda mərkəz müvafiq rəy təqdim edə bilər.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir