Azərbaycanlı tələbə 8 nüfuzlu universitetdən qəbul aldı

Azərbaycanlı tələbə 8 nüfuzlu universitetdən qəbul aldı

Rafət Bayramov Böyük Britaniya və Avropanın tanınmış ali məktəblərində kibertəhlükəsizlik üzrə təhsil almaq imkanı qazanıb.

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının 2026-cı il məzunu Rafət Bayramov kibertəhlükəsizlik istiqaməti üzrə dünyanın 8 nüfuzlu universitetindən qəbul alıb.

Xeber yerinde xəbər verir ki, gənc mütəxəssis Böyük Britaniyanın Mançester Universiteti, London Kral Kolleci, Bristol Universiteti, Birmingem Universiteti və Lids Universitetinin müvafiq kibertəhlükəsizlik proqramlarına qəbul olunub.

Bundan başqa, Rafət Bayramov İtaliyanın Roma Sapienza Universiteti, Macarıstanın Eötvös Loránd Universiteti və Óbuda Universitetində də kibertəhlükəsizlik mühəndisliyi üzrə təhsil almaq hüququ qazanıb.

Səkkiz universitetdən qəbul alan BMU məzunu təhsilini Böyük Britaniyanın Mançester Universitetində davam etdirmək qərarına gəlib. QS reytinqində dünyanın ən yaxşı 35, Avropanın isə TOP 10 universiteti sırasında yer alan ali məktəbdə o, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində oxuyacaq.

Rafət Bayramov əldə etdiyi uğurun formalaşmasında BMU-da aldığı akademik biliklərin mühüm rol oynadığını bildirib. O, növbəti mərhələdə kibertəhlükəsizlik sahəsində müasir texnologiyaları və beynəlxalq təcrübəni daha dərindən öyrənməyi qarşısına məqsəd qoyub.

Gənc məzunun əsas hədəfi gələcəkdə Azərbaycanın inkişaf edən rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə və informasiya təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməkdir.

Rafət Bayramovun nəticəsi BMU tələbə və məzunlarının beynəlxalq səviyyədə rəqabətədavamlı hazırlığının göstəricilərindən biri kimi qiymətləndirilir.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir