Gürcüstanda turistləri daşıyan mikroavtobus dərəyə aşdı – 4 ölü, 15 yaralı

Gürcüstanda turistləri daşıyan mikroavtobus dərəyə aşdı – 4 ölü, 15 yaralı

Gürcüstanın Quriya bölgəsində turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 Belarus vətəndaşı həyatını itirib, 15 nəfər yaralanıb.

Xeber Yerinde Report-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Qəza zamanı “Mercedes-Sprinter” markalı mikroavtobusda ümumilikdə 19 Belarus vətəndaşı olub.

Məlumata görə, mikroavtobus Qomismta kurort qəsəbəsindən Ozurqeti şəhərinə hərəkət edərkən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında 6 azyaşlı uşağın da olduğu bildirilir. Onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib.

Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, yaralılar Gürcüstandakı müxtəlif tibb müəssisələrinə çatdırılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin ilkin məlumatına əsasən, qəza sürücünün nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etməməsi nəticəsində baş verib. Mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə aparılır.

Həmin maddə üzrə 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir