Yaponiya su altında qaldı: Güclü yağış 8 nəfərin həyatına son qoydu

Yaponiya su altında qaldı: Güclü yağış 8 nəfərin həyatına son qoydu

Yaponiyanın Çiba prefekturasında yağan rekord səviyyəli leysan yağışları ciddi fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayının 8-ə yüksəldiyi bildirilir.

Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində yollar və yaşayış əraziləri su altında qalıb, bəzi avtomobillər su basmış keçidlərdə ilişib. Ölənlərin bir qisminin avtomobillərdə köməksiz vəziyyətdə qaldığı bildirilib.

Çiba və ətraf ərazilərdə son 24 saat ərzində 360 millimetrdən çox yağıntı düşüb. Yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olmaqla yanaşı, nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Fəlakət Narita hava limanına gedib-gələn nəqliyyata da təsir edib. Təxminən 7 min sərnişin nəqliyyatın dayanması səbəbindən hava limanında gecələməli olub. Bir sıra qatar xətlərində və avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Güclü yağışlar nəticəsində on minlərlə ev təsərrüfatında elektrik enerjisi kəsilib. Çiba prefekturasında fövqəladə vəziyyətlə əlaqədar əhali üçün ən yüksək səviyyəli yağış və torpaq sürüşməsi xəbərdarlığı da elan edilmişdi.

Hakimiyyət orqanları sakinləri təxliyə göstərişlərinə əməl etməyə və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağa çağırıb. Xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir