Bakının Nərimanov rayonunda 161 ailənin yaşadığı evlərin sökülməsindən bir il keçməsinə baxmayaraq, sakinlərə kompensasiya ödənilməyib.
Sakinlər: “Bir qurum digərinə yönləndirir”
Xəbər Yerində ATV-yə istinadən xəbər verir ki, Aşıq Qərib və Məmməd Arif küçələrinin kəsişməsində, dəmir yolunun mühafizə zonasında yerləşən evlər bir il əvvəl sökülüb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsələr də, indiyədək konkret nəticə əldə edə bilməyiblər. Onlar bildiriblər ki, bir qurum digərinə yönləndirir və heç bir qurum məsuliyyəti üzərinə götürmür.
Evlərin sökülməsindən sonra bəzi ailələrə altı ay müddətində kirayə haqqı ödənilib. Lakin sonradan bu ödənişlər səbəb göstərilmədən dayandırılıb.
Sakinlər məsələ ilə bağlı məhkəməyə də müraciət etdiklərini və məhkəmənin onların xeyrinə qərar verdiyini bildiriblər. Buna baxmayaraq, qərardan sonra da problemin həll olunmadığını deyirlər.
Sakinlərdən biri bildirib ki, kompensasiya olaraq hər kvadratmetr üçün 1800 manat ödəniləcəyi vəd edilib. Onun sözlərinə görə, evlərin qanunsuz tikili olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Bizim evlərimiz qanunsuz tikilməmişdi. Sənədlərimiz var idi, kommunal xidmətlərdən istifadə edir və ödənişlərimizi həyata keçirirdik”.
Digər sakin isə yaşadıqları ünvanda poliklinika qeydiyyatında olduqlarını, uşaqlarının həmin ərazi üzrə məktəblərə getdiyini bildirib:
“Yaşadığımız ünvandan məktəblərə arayış aparmışıq. İndi isə deyirlər ki, evlərimiz qanunsuzdur”.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Nərimanov rayonunda yerləşən qanunsuz tikililərlə bağlı qəbul edilən qərarlar qurumun səlahiyyətlərinə aid deyil.
Qurumun açıqlamasında qeyd olunub ki, ərazidəki tikililərin hüquqi statusu və onlarla bağlı görülən tədbirlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən qiymətləndirilir.

