Onlayn qumar oyunlarının təşkilində təqsirləndirilən mütəşəkkil dəstənin rəhbəri saxlanılaraq Azərbaycana gətirilib.
Xeber Yerinde xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat nəticəsində axtarışda olan Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılıb.
İstintaqla müəyyən edilib ki, A. Əliyev xarici ölkələrdə qanunsuz mərc və kazino oyunları təşkil edən mütəşəkkil dəstə yaradıb və Azərbaycan vətəndaşlarını bu fəaliyyətə cəlb edib. Dəstə üzvlərinin Tbilisi və digər şəhərlərdə kirayə götürülmüş evlərdə onlayn kazino oyunlarını idarə etdikləri bildirilib.
Əməliyyat zamanı dəstənin digər üzvləri Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Anar Surac oğlu Əliyev də saxlanılıb.
Məlumata görə, onlar dəstənin fəaliyyətini təmin etmək üçün mobil nömrələr, bank kartları və müxtəlif texniki avadanlıqlar təqdim edib, qumar oyunlarından əldə olunan vəsaitləri nağdlaşdıraraq kriptovalyuta vasitəsilə A. Əliyevə məxsus hesablara köçürüblər.
İstintaq zamanı qanunsuz əldə edilmiş vəsaitlərin bir hissəsinin daşınar və daşınmaz əmlak alınması yolu ilə leqallaşdırıldığı da müəyyən edilib.
Saxlanılan şəxslərdən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar maddi sübut kimi götürülüb.
A. Əliyev və Ş. Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİN vətəndaşları qanunsuz kazino və qumar oyunlarında iştirak etməməyə çağırıb.


