Hövsan–Suraxanı istiqamətində hərəkət edən 161 saylı marşrut avtobusunun qapısı açıq vəziyyətdə idarə olunub.
Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, avtobusun saatda 60 km sürətlə hərəkət etdiyi zaman qapısının açıq olması sərnişinlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.
Sərnişinlərdən biri bildirib ki, avtobusda kondisioner işləmədiyi üçün isti havalarda qapının açıq saxlanılması mütəmadi hal alıb.
Sərnişinlərin sözlərinə görə, 161 saylı marşrut xəttində çalışan bəzi avtobuslarda da oxşar vəziyyət yaşanır. Hətta bəzi sərnişinlər isti hava səbəbindən sürücülərdən qapını açıq saxlamağı xahiş edirlər.
Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirilib ki, xətt cəmi 20 gün əvvəl onların istismarına verilib. Avtobuslarda bir sıra texniki problemlər aşkarlanıb və hazırda onlar mərhələli şəkildə aradan qaldırılır.
Qeyd olunub ki, kondisionerlərlə bağlı problemin də 2-3 gün ərzində həll edilməsi planlaşdırılır.

