Mer qərarı özünün elektrikli velosipedlə vurulmasından sonra verib
İtaliyanın turistlərin sıx olduğu Komo şəhərində sentyabrdan etibarən tarixi şəhər mərkəzinin təxminən 30 küçəsində velosiped sürmək qadağan ediləcək.
Xəbər Yerində xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyət həm adi, həm də elektrikli velosipedlərə şamil olunacaq. Qaydanın qüvvəyə minməsindən sonra velosipedçilər həmin küçələrdə nəqliyyat vasitəsindən düşərək velosipedlərini piyada aparmalı olacaqlar.
Qərarın müəllifi Komo meri Alessandro Rapinezedir. Məlumata görə, mer bu qərarı özü elektrikli velosiped tərəfindən vurulduqdan sonra qəbul edib. Hadisənin iyul ayında merin şəhər administrasiyasından çıxarkən baş verdiyi, nəticədə onun xəsarət aldığı bildirilir.
Rapinese qərarı piyadaların təhlükəsizliyinin təmin olunması ilə əsaslandırıb. O, şəxsi təcrübəsinin də bu addımda rol oynadığını etiraf edib və elektrikli velosipedlə toqquşmanın necə bir hiss olduğunu bildiyini söyləyib.
Qərar sakinlərin və siyasətçilərin etirazına səbəb olub
Yeni qaydalar şəhərdə ciddi mübahisələrə yol açıb. Sakinlər, velosiped qrupları və müxtəlif siyasi qüvvələrin nümayəndələri merin şəxsi hadisəni şəhər miqyasında qadağaya çevirdiyini düşünürlər.
Tənqidçilər xüsusilə velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən sakinlərin, kuryerlərin və yerli bizneslərin yeni qaydalardan zərər görəcəyini bildirirlər. Qadağaya düşən küçələrin şəhərin tarixi mərkəzindən gölə doğru uzanan əsas marşrutlar arasında olduğu qeyd edilir.
Qərarın ləğvi üçün onlayn petisiya başladılıb. “Nova Como” assosiasiyası isə sentyabrın 12-də velosipedçilərin iştirakı ilə etiraz aksiyası keçirməyi planlaşdırır.
Qeyd edək ki, velosiped qadağası Komoda daha geniş nəqliyyat dəyişiklikləri paketinin bir hissəsidir. Şəhərin tarixi mərkəzində avtomobillərin hərəkətinə də əlavə məhdudiyyətlər tətbiq olunması nəzərdə tutulur.

