ABŞ-nin Tennessi ştatında 50 yaşlı Krista Paykın edam hökmünün icrası baş tutmayıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum qadına ölümcül dozada iki iynə vurulsa da, o, huşunu itirməyib.
Paykın vəkilləri onun daha sonra xəstəxanaya yerləşdirildiyini açıqlayıblar. Müdafiə tərəfi uğursuz edam cəhdinin mümkün səbəblərindən biri kimi məhkumun venalarına girişin çətin olmasını göstərib.
Qadının hazırkı səhhətinin vəziyyəti barədə ətraflı məlumat açıqlanmayıb.
Vəkillərdən edam proseduruna etiraz
Paykın vəkilləri açıqlamalarında edam zamanı istifadə olunan pentobarbitalın yararsız olduğunu iddia ediblər. Onların sözlərinə görə, ağırlaşmalar baş verdiyi vaxt təcili tibbi yardımın göstərilməsi ilə bağlı da problemlər yaşanıb.
Müdafiə tərəfi prosesin ştatın məxfi protokolları çərçivəsində həyata keçirildiyini və baş verənlərlə bağlı bir sıra məqamların hələ də aydın olmadığını bildirib.
1995-ci ildə sinif yoldaşını öldürüb
Krista Payk 1995-ci ildə 19 yaşlı sinif yoldaşı Kolin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilib. Cinayət törədilən zaman Paykın 18 yaşı olub.
İttiham tərəfinin versiyasına görə, Payk sevgilisi ilə bağlı Slemmerə qarşı qısqanclıq hiss edib. O, Slemmeri kimsəsiz əraziyə aparıb və sevgilisi ilə birlikdə ona işgəncə verərək öldürüb.
Edamı əvvəlcə təxirə salınmışdı
Qeyd edək ki, sentyabrın 30-da ABŞ-nin federal məhkəməsi edama təxminən bir saat qalmış onun təxirə salınmasına qərar vermişdi.
Buna səbəb müdafiə tərəfinin Paykın uşaqlıqda cinsi zorakılığa məruz qalması və posttravmatik stress pozuntusundan əziyyət çəkməsi ilə bağlı müraciətlərinin nəzərdən keçirilməsi tələbi olub.
Lakin həmin gün ABŞ Ali Məhkəməsi edamın təxirə salınması barədə qərarı ləğv edib.
Krista Paykın edamı icra edilərsə, o, Tennessi ştatında təxminən 200 ildən sonra edam edilən ilk qadın olacaq.

