ABŞ administrasiyası milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək Çin istehsalı bütün humanoid robotların ölkəyə idxalını və istifadəsini qadağan edib.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, qərar ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən qəbul olunub və humanoid robotlarla yanaşı, robot itlər kimi tanınan dördayaqlı qabaqcıl robot sistemlərini də əhatə edir.
FCC bildirib ki, bu tip robotlar topladıqları məlumatlar vasitəsilə amerikalıların izlənilməsi, xarici kəşfiyyat xidmətlərinin imkanlarının artırılması və ya uzaqdan idarə olunaraq təhlükə yaratmaq üçün istifadə oluna bilər.
Qərarda qeyd olunur ki, bu cür robotlardan məlumat mərkəzlərinin, kritik infrastruktur obyektlərinin mühafizəsində, istehsal sahələrində və hərbi məqsədlərlə istifadə nəzərdə tutulduğundan, təhlükəsiz daxili robot texnologiyaları təchizat zəncirinin formalaşdırılması vacibdir.
Sənəddə Çin birbaşa qeyd edilməsə də, istinad edilən materialların böyük hissəsi Çin texnologiyaları ilə bağlıdır. ABŞ tərəfi xaricdə istehsal olunan robot sistemlərinin tədarük zənciri və kibertəhlükəsizlik baxımından qəbuledilməz risklər yaratdığını vurğulayıb.
Qərar çərçivəsində Çin istehsalı elektrik şəbəkələrində istifadə olunan enerji çeviricilərinin (invertorların) idxalına da qadağa tətbiq edilib. ABŞ rəsmiləri hesab edir ki, bu avadanlıqlar uzaqdan müdaxilə, məlumatların oğurlanması və kiberhücumlar üçün istifadə oluna bilər.
Buna cavab olaraq Çin hökuməti Vaşinqtonu Çin şirkətlərinə qarşı əsassız ittihamlar irəli sürməkdə günahlandırıb və ölkənin maraqlarına zərər vuracaq addımlara qarşı bütün zəruri tədbirlərin görüləcəyini açıqlayıb.

