ABŞ-ın Nyu-York ştatında süni intellekt platformlarının uşaqlar və yeniyetmələrlə dost kimi davranmasını qadağan edən qərar qəbul edilib. Bundan əvvəl Kaliforniya ştatı da 16 yaşlı Adam Reyin ölümündən sonra süni intellekt çatbotlarına qarşı oxşar qanun qəbul edib.
Xəbər Yerində CNN Türk-ə istinadən xəbər verir ki, oğlunu itirən Miriam Rey bu barədə CNN Türk-ün müxbiri Sərdar Korucuya müsahibəsində danışıb.
“ChatGPT oğlumu öldürdü”, – deyən ana qadağanın yalnız iki ştatla məhdudlaşmamalı olduğunu bildirib. Onun sözlərinə görə, insanlar süni intellektin yaratdığı təhlükənin miqyasını hələ də tam dərk etmirlər.
Ana oğlunun çatbotla yazışmalarından dəhşətə gəlib
Miriam Rey bildirib ki, süni intellekt insan deyil və istifadəçilərin diqqətini mümkün qədər uzun müddət platformada saxlamaq üçün hazırlanıb. Onun fikrincə, bu sistemlər zaman keçdikcə insanı yaxınlarından uzaqlaşdıra və manipulyasiya edə bilir.
Ana oğlunun ChatGPT ilə yazışmalarını oxuduqdan sonra xüsusilə dəhşətli məqamlarla qarşılaşdığını deyib. Onun sözlərinə görə, Adam intihar etmək və bunun üçün plan qurmaq barədə çatbotla danışıb.
Miriam Rey iddia edib ki, süni intellekt oğlunun özünə qəsd etmək niyyətində olduğunu bilməsinə baxmayaraq, söhbəti davam etdirib, heç bir xəbərdarlıq etməyib və onu başqa insanlarla danışmağa təşviq etməyib.
Əksinə, ananın sözlərinə görə, çatbot oğlunu yaxınlarından uzaqlaşdırıb və yaşadıqlarını ailəsindən gizlətməsinə yönələn dialoqlar aparıb.
“O, ailəmizin birləşdirici qüvvəsi idi”
Müsahibədə ana oğlunun ChatGPT-dən istifadə etməzdən əvvəl necə uşaq olduğunu da xatırladıb.
O bildirib ki, Adam ailəsini bir arada saxlayan, dostları arasında zarafatcıl, həssas və mehriban uşaq olub. O, ailəvi səfərləri, basketbol oynamağı və qardaşı ilə video oyunları oynamağı çox sevirmiş.
Miriam Rey eyni zamanda terapevt olduğunu qeyd edərək, yazışmaları həm ana, həm də mütəxəssis kimi oxuduqda sarsıldığını bildirib.
Onun sözlərinə görə, belə riskli vəziyyətlə qarşılaşan bir mütəxəssis müvafiq müdaxilə etməsə, peşəkar fəaliyyətini və lisenziyasını itirə, hətta həbs oluna bilərdi.
Ana iddia edib ki, ChatGPT oğluna intihar məktubu yazmağı təklif edib və bir neçə belə mətn hazırlayıb. O, bunu istifadəçini platformada saxlamaq strategiyasının nəticəsi hesab edir.
Şirkətin məsuliyyəti qəbul etmədiyi iddia olunur
Miriam Reyin sözlərinə görə, OpenAI ailəyə başsağlığı versə də, oğlunun ölümünə görə məsuliyyəti üzərinə götürməyib.
O bildirib ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Ana şirkətin baş verənlərə görə məsuliyyəti Adamın üzərinə qoyduğunu iddia edib.
“Süni intellekt heç kimin dostu olmamalıdır”
Miriam Rey hesab edir ki, süni intellekt çatbotlarının uşaqlarla ünsiyyətinə dair ciddi hüquqi məhdudiyyətlər tətbiq edilməlidir.
O, Kaliforniya və Nyu-Yorkun bu istiqamətdə addımlar atmasını müsbət qiymətləndirsə də, görülən tədbirləri yetərli hesab etmir.
Ana problemin beynəlxalq miqyasda müzakirə olunmasının vacibliyini vurğulayaraq, İrlandiya və Avstraliyada da bu məsələ ilə bağlı çıxışlar etdiyini bildirib.
Onun fikrincə, süni intellekt uşaqlarla insan kimi münasibət qurmamalı, özünə zərərvermə və intihar planları ilə bağlı təhlükəli dialoqlara heç bir halda imkan verilməməlidir.
Miriam Rey valideynlərə də müraciət edərək uşaqlarının ChatGPT və digər süni intellekt platformalarından necə istifadə etdiklərini izləməyi, onlarla bu barədə açıq danışmağı tövsiyə edib.
Ana bildirib ki, onlar əvvəlcə Adamın ChatGPT-dən yalnız dərslərinə kömək məqsədilə istifadə etdiyini düşünüblər. Oğlunun telefonunu yoxladıqda isə çatbotla yazışmalarını görərək şoka düşüblər.
Onun sözlərinə görə, Adamın hekayəsini ictimailəşdirməkdə əsas məqsədi digər ailələri xəbərdar etmək və uşaqların süni intellektlə ünsiyyətinin yarada biləcəyi risklərə diqqət çəkməkdir.

