ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki nəfər isə ağır xəsarət alıb.
Hadisə sentyabrın 5-də yerli vaxtla saat 13:50 radələrində Fresno şəhərində, Sierra Sky Park hava limanının yaxınlığında baş verib. Təyyarədə ümumilikdə dörd nəfər olub.
Xilasedicilər hava gəmisini San-Xoakin çayı yaxınlığındakı yüksəklikdə aşkar ediblər. Qəza zamanı təyyarədə yanğın baş verib, əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
İki uşaq hadisə yerində həyatını itirib. Təyyarədə olan digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kritik olduğu bildirilir. Ölən və yaralananların şəxsiyyəti, eləcə də onların bir-biri ilə münasibəti hələ açıqlanmayıb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmaya ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) cəlb olunub.
Mənbə: Oxu.az






