ABŞ ordusu İranın 140 hərbi hədəfinə zərbələr endirdiyini açıqlayıb. Buna səbəb kimi Hörmüz boğazından keçən ticarət gəmisinə edilən hücum göstərilib. Vaşinqton bu hücumun İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirildiyini iddia edib.
Bu, son bir həftə ərzində ABŞ-ın İrana qarşı həyata keçirdiyi üçüncü hücum dalğasıdır. Gərginlik hər iki ölkə liderinin qarşılıqlı sərt bəyanatlarından sonra daha da artıb.
Gəmi hücumu nəticəsində bir Hindistan vətəndaşının itkin düşdüyü bildirilir. İran dövlət mediası isə ölkə qüvvələrinin ABŞ hərbi obyektlərinə cavab zərbələri endirdiyini iddia edib.
Qətər isə hava hücumundan müdafiə əməliyyatları zamanı biri uşaq olmaqla üç nəfərin yaralandığını açıqlayıb.
Bundan əvvəl Oman Hörmüz boğazında gəmiçilik marşrutlarının idarə olunması ilə bağlı ilkin təklif hazırlayıb. ABŞ rəsmiləri isə boğazda təhlükəsizlik təmin olunmadan nüvə danışıqlarının irəliləyə bilməyəcəyini bildiriblər.
Mənbə:CNN

