ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hava zərbələrini müvəqqəti dayandırıb. Məlumata görə, Prezident Donald Trampın Ağ Evdə keçirdiyi müşavirədə yüksək vəzifəli rəsmilər hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Mənbələrin bildirdiyinə görə, vitse-prezident Cey Di Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İrana qarşı əməliyyatların daha da genişlənməsinin mümkün nəticələri, eləcə də ABŞ-ın silah ehtiyatlarının azalması ilə bağlı Trampa xəbərdarlıq ediblər.
General Keyn müşavirədə ordunun veriləcək tapşırıqları yerinə yetirməyə qadir olduğunu bildirsə də, mümkün eskalasiyanın yaratdığı riskləri və silah ehtiyatlarının vəziyyətini diqqətə çatdırıb.
ABŞ Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, ardıcıl iki həftə davam edən gecə hava zərbələrindən sonra əməliyyatlar hazırda “dayandırılıb”. Bunun müvəqqəti qərar olduğu və bombardmanların yenidən başlayıb-başlamayacağı hələlik məlum deyil.
Ağ Evin Kommunikasiyalar direktoru Stiven Çunq bildirib ki, Prezident Tramp diplomatik həll yoluna üstünlük verir. Bununla yanaşı, o vurğulayıb ki, İran Hörmüz boğazında və ya ABŞ-ın müttəfiqlərinə qarşı təhdidlərini davam etdirərsə, Vaşinqton bütün mümkün variantları nəzərdən keçirməyə hazırdır.
Tramp isə jurnalistlərə açıqlamasında İranla danışıqların davam etdiyini bildirib. O, hərbi əməliyyatların yenidən başlaya və ya daha da intensivləşdirilə biləcəyini istisna etməyib. ABŞ liderinin sözlərinə görə, Tehran aparılan danışıqlarda əvvəlkindən daha ciddi mövqe nümayiş etdirməyə başlayıb.
Mənbələr bildirir ki, Tramp hərbi təzyiqlə yanaşı, diplomatik kanalların da açıq saxlanılmasını tapşırıb. Bununla belə, həm Ağ Evdə, həm də Pentaqonda bir sıra rəsmilər hesab edirlər ki, münaqişənin daha da genişlənməsi ABŞ-ın gözlədiyi nəticəni verməyə bilər.

