Prezident İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına tikinti işlərinin gedişi barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar və yardımçı tikililər inşa edilir.
Xəstəxanada hansı şöbələr fəaliyyət göstərəcək?
Tibb müəssisəsində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR və pediatriya şöbələrinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, xəstəxanada funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələri də fəaliyyət göstərəcək.
Qeyd olunub ki, 210 çarpayılıq xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz ediləcək.
Yeni tibb müəssisəsinin istifadəyə verilməsi Ağdam və ətraf ərazilərdə yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına, müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinə imkan yaradacaq.

