Prezident İlham Əliyev noyabrın 7-də əsaslı yenidənqurmadan sonra Xankəndi Şəhər Stadionunun açılışında iştirak edib.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 1956-cı ildə istifadəyə verilən Xankəndi Şəhər Stadionunda 2023-cü ildə şəhərin işğaldan azad olunmasından sonra əsaslı yenidənqurma işlərinə başlanılıb.
Stadion UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb
Əsaslı təmir zamanı stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb. Obyekt UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun yenidən qurulub.
Stadionun ümumi tamaşaçı tutumu 8 554 nəfərdir. Onlardan 8 214-ü standart oturacaqlar, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Futbol meydançası və atletika zonası yaradılıb
Ölçüləri 105×68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə müxtəlif idman növləri üçün nəzərdə tutulan atletika zonası salınıb.
Burada 100 metr, eləcə də 200 metrdən 10 min metrədək məsafələrə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün şərait yaradılıb.
Stadionda futbolçuların, texniki heyətin, hakimlərin, məşqçilərin və media nümayəndələrinin istifadəsi üçün xüsusi otaqlar, konfrans zalı və tibb məntəqəsi də fəaliyyət göstərəcək.
Xankəndidə idman infrastrukturu yenilənir
Qeyd edək ki, stadionun yenidən qurulması işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən biridir.
Azərbaycanda müasir stadionların, Olimpiya idman komplekslərinin və digər idman obyektlərinin yaradılması ölkənin beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarını da genişləndirir.
Bu baxımdan, ölkəmizdə ilk dəfə 15 yaşadək futbolçular arasında təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı, eləcə də gələn il keçirilməsi nəzərdə tutulan FIFA U-20 dünya çempionatı xüsusi əhəmiyyət daşıyır.














