Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu gün Ağdaşda II Beynəlxalq Heyva Festivalı təşkil olunub.
Tədbirə 100-ə yaxın dövlət və özəl təşkilat qatılıb. Ağdaşla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən gələn fermerlər də öz məhsullarını festival iştirakçılarına təqdim edirlər.
Heyvadan hazırlanan şirniyyatlar və əl işləri nümayiş olunur
Festivalda müxtəlif heyva sortları, bu meyvədən hazırlanan mürəbbələr, şirniyyatlar və milli mətbəx nümunələri sərgilənir. Bununla yanaşı, iştirakçılar əl işlərini və digər yerli məhsullarını da nümayiş etdirirlər.
Xüsusilə xalçaçılıq və digər sənətkarlıq nümunələri ziyarətçilərin diqqətini çəkir. Tədbirə yerli sakinlərlə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar və turistlər də qatılıblar.
Festivalın məqsədi açıqlanıb
Festivalın keçirilməsində əsas məqsəd Ağdaşın heyvaçılıq ənənələrini tanıtmaq, yerli istehsalçıların əməyini təşviq etmək və onların məhsullarının satış imkanlarını genişləndirməkdir.
Tədbir, eyni zamanda, milli-mədəni irsin təbliğinə və bölgənin turizm potensialının tanıdılmasına xidmət edir.





