AGMA-dan məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat

AGMA-dan məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı bəyanat yayıb.

“Xəbər Yerində” Unikal.az-a istinadən xəbər verir ki, bəyanatda geyim tələblərinin təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

AGMA qeyd edib ki, məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin inkişaf etdiyi mühüm tərbiyə ocağıdır.

Bildirilib ki, məktəblərdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

Geyim qaydaları qarşılıqlı əməkdaşlıq əsasında tətbiq edilməlidir

Assosiasiyanın mövqeyinə görə, geyim qaydalarının düzgün tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir.

Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın şəkildə izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır.

Bəyanatda vurğulanıb ki, məktəb rəhbərləri və müəllimlər geyim tələblərini izah edərkən və tətbiq edərkən peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməlidirlər. Bu zaman şagirdlərin ləyaqətinin və hüquqlarının qorunması əsas götürülməlidir.

Valideynlərə isə narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmək və məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaq tövsiyə olunub.

Müəllimlərin geyimi də diqqətə çatdırılıb

AGMA müəllimlərin peşəkar davranışının və xarici görünüşünün məktəbdə formalaşan ümumi mühitin bir hissəsi olduğunu da qeyd edib.

Bildirilib ki, müəllim davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlər üçün nümunə olmalıdır.

Assosiasiya bəyanatının sonunda məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunmasının vacibliyini bir daha vurğulayıb. Qeyd edilib ki, bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir