Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanılaraq ölkəmizə ekstradisiya edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Elmir Elxan oğlu Nuriyevin yeri Almaniyada müəyyən olunub. O, noyabrın 6-da Azərbaycana gətirilib.
Vətəndaşlara mənzillərini təmir etdirmək adı ilə ziyan vurub
Bildirilib ki, Elmir Nuriyev 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə ittiham olunur.
İttihama əsasən, o, müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək onlara xeyli miqdarda ziyan vurub.
Bu əməllərlə bağlı ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Almaniyadan Azərbaycana ekstradisiya edildi
Ədliyyə Nazirliyindən bildirilib ki, Baş Prokurorluğun sorğusu, nazirliyin təqdim etdiyi müvafiq zəmanətlər və aparılan danışıqlardan sonra Nuriyevin Azərbaycana ekstradisiyasına razılıq əldə olunub.
O, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib.
Məhkəmənin həbs qərarına əsasən, Elmir Nuriyev müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik bu istiqamətdə tədbirlərin davam etdirildiyini açıqlayıb.

