Türkiyənin Adana şəhərində Furkan Vəqfinə qarşı polis əməliyyatı keçirilib.
Xeber Yerinde “Haber Global”a istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında vəqfdə əməliyyat aparıblar.
Əməliyyat zamanı Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun yaşadığı evin qarşısına çox sayda polis əməkdaşı cəlb olunub. Daha sonra evdə axtarış keçirilib.
Nəticədə Alparslan Kuytul, həyat yoldaşı Semra Kuytul və vəqfin bir sıra üzvləri saxlanılıb.
Saxlanılan şəxslər ciddi təhlükəsizlik tədbirləri altında tibbi müayinədən keçirilmələri üçün Adana Məhkəmə Tibbi Qurumuna aparılıb. Daha sonra onların polis bölməsinə götürüldüyü bildirilib.
Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Vəqf Qurani-Kərimə uyğun təhsil və İslam mədəniyyətinin formalaşdırılması məqsədi ilə fəaliyyət göstərdiyini bildirir.

