Yevlaxda bir yaşlı oğluna ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən İlhamə Camal qızının məhkəmə prosesi yekunlaşıb.
Xəbər Yerində Xitab24.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm elan edilib.
Məhkəmənin hökmü ilə 1991-ci il təvəllüdlü İlhamə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Uşağı ağladığı üçün döyüb
Məhkəmə materiallarına əsasən, İlhamə azyaşlı oğlunun ağlamasından əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr endirib. Uşağın ağlamağa davam etdiyini görən qadın onu əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.
Ağır xəsarətlər alan Məhəmməd Yevlax Şəhər Xəstəxanasına çatdırılıb. Lakin azyaşlı beş gün sonra xəstəxanada vəfat edib.
Məhkəmədə əməlini etiraf edib
İlhamə məhkəmədə törətdiyi əməli etiraf edib. O, məqsədinin övladını öldürmək deyil, ağladığı üçün cəzalandırmaq olduğunu bildirib.
Təqsirləndirilən şəxs ifadəsində əvvəllər dörd dəfə rəsmi nikah bağlamadan ailə həyatı qurduğunu və bu münasibətlərdən altı uşağının dünyaya gəldiyini deyib.
O, həmçinin uşaqlarını dünyaya gətirdikdən qısa müddət sonra onların qayğısına qalmaq üçün atalarının uzaq qohumlarına verdiyini bildirib. Hazırda övladlarının harada yaşadığını bilmədiyini deyən qadın onların adlarını belə xatırlamadığını qeyd edib.

